Cümə axşamı, 28.03.2024, 23:23
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2014 » Aprel » 22 » Dəyərlər, standartlar, tələblər – DOST
23:36
Dəyərlər, standartlar, tələblər – DOST

Dəyərlər, standartlar, tələblər – DOST

Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.   

Heydər Əliyev

 

Milli-mənəvi dəyərlər üzərində qurulan, dünya təhsil sisteminin tələblərinə cavab verən təhsil sistemi cəmiyyətin intelletual səviyyəsinin yüksəlməsində, ölkənin beynəlxalq aləmdə siyasi-iqtisadi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır və intellektin qalib gəldiyi qlobal cəmiyyətdə dövlətlərin strateji gücünə çevrilir.

Fikrimcə, masir təhsil zamanın tələblərinə cavab verməli, cəmiyyətin bütün təbəqələri arasında əməkdaşlıq yaradaraq siyasi-ictimai mövqeyindən asılı olmayaraq bütün insanlar arasında bilik körpüsü salmalı, insanlıq, sevgi, liderlik hissini gücləndirməlidir.

Bildiyimiz kimi İKT – nin inkişafı həyatın bütün sahələrində, həmçinin təhsildə qloballaşmanı sürətləndirmişdir. Bu gün qarşımızda duran əsas vəzifə ölkəmizdə zamanın tələblərinə cavab verən, milli dəyərlər, adət-ənələr üzərində qurulan təhsil sistemi formalaşmaq, dünyavi biliklərə malik şəxsiyyət yetişdirməkdir.

Hər bir şəxs yaşadığı cəmiyyətin övladıdır. Şəxsiyyətin formalaşmasında valideyin, müəllim və şagird əməkdaşlığı mühüm rol oynayır. Münasibətlərin formalaşmasında məktəbın xüsusi yeri vardır. Belə ki, məhz məktəb işləri sistemli şəkildə qurmalı, bütün tərəflərin əməkdaşlığını nizamlamalıdır. İşləri planlaşdırarkən ailə və məktəb mühiti önə çəkilməli, ətraf aləm faktoru nəzərə alınmalıdır. Lakin, heç vaxt unutmamalıyıq ki tərbiyələndirəcəyimiz insandı. Onun öz dünyası, həyata baxışı var.

Şəxsiyyətin formalaşmasına bir funksiya kimi baxsaq, onun asılı olduğu arqumentlər ailə, məktəb və ətraf aləm olacaqdır. Ailədə ailədaxili münasibətləri, məktəbdə təlim-tərbiyə işini və cəmiyyətin intellektual səviyyəsini 0, 1, 3, 4, 5 balla qiymətləndirsək aşağıdakı düstur təbbiyyələndirmək istədiyimiz şəxsin səviyyəsini göstərəcəkdir.

 ş = ((a^2+ t )/a+ m+ə):3

Burada ş – şəxs, a – ana, t – ata, m – məktəb, ə - ətraf aləmdir.

Düstürdan göründüyü kimi əlaçı şəxsiyyət yetişdirmək üçün bütün arqumetlər yüksək qiymət almalıdır. Bunun üçün ailədə münasibətlər düzgün qurulmalı, məktəb öz fünksiyasını layiqincə yerinə yetirməli, cəmiyyət sağlam olmalıdır.

Şəxsiyyətin formalaşması əsasən uşaqlıq və yeniyetməlik illərinə təsadüf etdiyindən orta məktəbdə tədris tərbiyə üzərində qurulmalı, dərslər bilik verməklə yanaşı maarifləndirmə funksiyasını yerinə yetirməlidir.

Fikirlərimi vı sinifdə riyaziyyat fənn kurikulumunun tələbləri əsasında tədris etdiyim “Faiz” mövzuna aid dərs nümunəsi üzərində  üzərində izah edəcəyəm.

Mövzu: Faiz  

Dərsin məqsədi: Faiz anlayışını möhkəmləndirmək. Faizə aid bilikləri məsələ həllinə tətbiq etmək. Şagirdləri çalışmaların həlli zamanı optimal üsulların seçilməsi vərdişlərinə alışdırmaq.

Dərsin tipi: bilikləri möhkəmləndirən dərs

İş formaları: kollektiv, fərdi və qrupla iş

Üsulları: suallar, beyin həmləsi

İnteqrasiya: Vergi, fizika – 2.1.2, 2.1.3, informatika – 3.1.2, 3.3.2 , astronomiya, biologiya

Resurslar: dərslik, iş vərəqləri, kompyuter, proyektor.

Standart: 1.2.5. Faizə aid məsələləri həll edir.

Təlimin nəticəsi: Faizə aid sadə məsələləri həll edir.

Dərsin fəaliyyət xətləri: problemin həlli, mühakiməyürütmə, təqdimetmə, əlaqələndirmə, ünsiyyətqurma

Qiymətləndirmə üsulu: şifahi və yazılı təqdimat

Qiymətləndirmə vasitəsi: meyar cədvəli

Dərsin məqsədindən göründüyü kimi “Faiz” yeni mövzu deyil. Dərs zamanı faizlərin daha optimal üsullarla hesablanmasını öyrənəcəyik. Mövzunu vergiyə inteqrasiya edərək gələcək sahibkarlarda vergi bilgilərini və vergi mədəniyyətini formalaşdırmağa çalışacağam.

Əvvəlcə şagirdləri qruplara bölüb, qrupları movzuya uyğun adlarla adlandırdıq - Faiz, Onluq kəsr, Adi kəsr, Vergi. Bölgünü müxtəlif məqsədlər üçün aparmaq olar - şagirdlərin bilik səviyyəsinə, qruplara veriləcək tapşırıqların məzmununa və sair.

Motivasiyanın ilk mərhələsində şəkillərdən hazırladığım videonu nümayiş etdirdim.Şagırdlər faizin adına uyğun olaraq ədəddin 1 /100 hissəsi ( faiz sözü mənşəcə latın sözü olub (pro centum), mənası “yüzün hissəsi” deməkdir) olduğunu, ilin fəsillərinin ilin 1/4 hissəsini təşkil etdiyini (1/4= 0,25 =  25/100=25%), fəsillərin birləşərək 1 il yaratdığını (1 = 100%) söylədilər.  Faizin tətbiq sahələrini göstərdilər.

Faizə aid mövzuları xatırlatmaq və şagirdlərin mənəvi aləminə təsir edərək onlarda elmə qarşı sevgi yaratmaq məqsədilə dərsdə “Həqiqət” adlı kiçik hekayəmi oxudum.

 

Həqiqət

Həqiqət həyat yollarda zamanını itirib uzaqdan işartı kimi görünən elm diyarına üz tutdu. İlk rastlaşdığı riyazi qanunauyğunluqlar oldu.

Elm həyatdan uzaqlaşmaq istəyən əbədi dostuna əvvəlcə dövranı anlatmağa çalışdı.

Elm həyatı p ilə işarə etdi. Həqiqət həyatın n/m şəklində hissəsi oldu. Həqiqət həyatın   p ⋅n/m    hissəsi kimi tapıldı.

Sonra elm həqiqətin həyatın neçə faizi olduğunu müəyyənləşdirdi. Həyat p olduqda onu b% - i olan həqiqət  p∙b%=p ∙  b/100 düsturu ilə hesablandı.

Həqiqət həyatın özü olmaq istəyirdi. Lakin, onun hissəsi olduğunu görüb kədərləndi.

Elm:

- Təmkinli ol, dostum! – dedi. – Həyatın işıqlı üzü, haqqın səsi sənsən! Çünki, Həqiqətsən!

- Təəssüf! Belə vəziyyətdə görünməyən üz, eşidilməyən səs ola bilərəm!

- Yox, məni sən yaşadırsan.– söyləyərək Elm nur saçdı. - Məndə yaşayırsan!

Həqiqət elmin dərin qatlarına baş vurdu. Hər addımında açıqlanmalı olan məhcullarla rastlaşdı. Anladı ki, elm dəryasıda üzmək də olar, itmək də.

Həqiqət həyatdakı kimi Elmdə hissə olmasına baxmayaraq qanunların - dürüstlüyün izahı olduğuna sevindi. O elmin izahı olduğundan özünə uyğun elmi hissəsinə görə ədədin hesablanması düsturu ilə hesabladı.

O, n/m hissəsinə uyğun k həqiqətinin elmini  k:n/m düsturu ilə müəyyən etdi. c% - nə uyğun d həqiqəti olan elmi isə d:c%=d:  c/100  düsturu ilə hesabladı. 

Həqiqət həyatın məktəb, sirli təbiətin bir elm mənbəyi olduğunu anlayaraq:

- Əsl həqiqət elmdədir! – söylədi.

Həqiqəti həyatda axtaran saf uşaqlar onun elmdə görüb çox sevindilər. Lakin faizə aid son düstürü tam anlamadılar. Hərfləri ədədlərlə əvəz edib hesablama apardılar. Nəticənin hissəyə uyğun ədəddən böyük olduğunu gördülər.

Hissəsinə görə ədədin tapılmasını gələcəkdə ətraflı keçəcəyimizi qeyd edib sinfə aşağıdakı yönəldici suallarla müraciət etdim.

1) Faizi daha asan üsulla adi və ya onluq kəsrə çevirmək olarmı?

Tapşırıq: İnsan beyninin 80% - nin su olduğu məlumdur. Beynin neçə hissəsi sudur? 

 Həlli: 80% =80/100= 4/5, 80% =80/100= 0,8

Cavab: Beynin 4/5 və ya 0,8 hissəsi sudur.

2) Adi və ya onluq kəsri daha optimal üsullarla faizə çevirmək olarmı?

Tapşırıq: Vergidən yığılan gəlirlər dövlət büdcəsinin təqribən 0,33 hissəsini təşkil edir. Vergi dövlət büdcəsinin necə faizini təşkil edir?

Həlli: 0,33 = 33/100 = 33%

Cavab: Vergi dövlət büdcəsinin təqribən 33% - ni təşkil edir.

Tədqiqat sualı: Sadə faiz məsələlərini daha asan üsulla həll etmək olarmı?

Məsələ: Muzdlu işlə məşğul olan işçinin aylıq əmək haqqı 200 man idi. İşçinin əmək haqqından yaşayış minimumu üçün nəzərdə tutulmuş  məbləğ (indiki halda 136 manat) çıxıldı. O, sonra yerdə qalan pulundan 14% -i məbləğində gəlir vergisi ödədi. İşçinin cəmi neçə manat pulu qaldı?

Həlli: Ümumi məbləğdən yaşayış minimum üçün nəzərdə tutulmuş pulu çıxaq. 

200 – 136 = 64

64 manatdan 14% gəlir vergisi ödənilməlidir.

64 ∙ 14% = 64 ∙ 0,14 = 8,96

64 – 8,96 = 54,04

İşçinin alacağı pulu tapaq.

136 + 54,04 = 190,04

Cavab: İşçinin cəmi 190,04 manat pulu qaldı.

Tədqiqatı qruplara iş vərəqləri paylamaqla davam etdiririk. İş vərəqlərindən nümunə.

1) Məsələ: Sahibkarlıq fəaliyyəti ilə məşğul olan huquqi şəxs gəlirinin 20% - i məbləğində mənfəət vergisi ödəməlidir. Ödəmə onun gəlirinin hansı hissəsini təşkil edir?

Həlli: 20% - i hissə ilə göstərək.

20% = 20/100 = 1/5

Cavab: Mənfəət vergisi sahibkarın gəlirinin 1/5  hissəsidir.

 

2) Məsələ: 500 manat maaş alan muzdlu işçi 14% gəlir vergisi ödəyərsə, onun neçə manat pulu qalar?

Qeyd: Muzdlu işlə məşğul olan işçinin əmək qanunverciliyinə uyğun müqavilə əsasında gəliri (maaşı) 250-2500 AZN arası olarsa, onun əmək haqqından 14% gəlir vergisi tutulur.

Həlli: 500 ∙ 14% = 500 ∙  = 70

500 – 70 = 430

Cavab: İşçinin 430 manat pulu qalır.

3) Şifahi tapın:

a) 25 - in 8% - ni,

b) 50 –nin 180% - ni.

Cavab: a) 8 –in 25% - ni tapırıq (yəni 1/4 – ni). 2 – dir.b) 50–nin 180% - ni tapmaq 180 – nin 50% -ni tapmaq deməkdi. 50% =  1/2, 180 – nin 1/2 - i (yarısı) 90 – dır.

 

Mövzunun müzakirəsini Eyler-Venn diaqramı vasitəsilə apardıq.

Yaradıcı tətbiqetmə 

Məsələ: Sahibkar ilin birinci yarısında şəhərdə, İllin ikinci yarısında kənddə kiçik biznezlə məşqul oldu. O, şəhərdə gəlirinin 4% - i, kənddə 2% - i məbləğində vergi ödədi. Sahibkarın şəhərdə və kənddə qazancını təxmin edin. Onun ödəyəcəyi verginin ümumi məbləğini hesablayın.

Qeyd: ƏDV qeydiyyata alınmayan və ardıcıl gələn 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 120000 manatdan az olan vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər.

Ev tapşırığı

Özünüzü sahibkar hesab edin. Əldə etmək istədiyiniz gəliri yazın. Dövlət büdcəsinə ödəyəcəyiniz verginin məbləğini hesablayın. Unutmayın, ödəyəcəyiniz vergi ölkəmizin abadlaşmasına, təhsilimizə, səhiyyəmizə və sairə sahələrə sərf olunur.

Qiymətləndirməni dərsin müxtəlif mərhələlərində səviyyələr üzrə aparıb qrupların bir-birini qiymətləndirməsi ilə yekunlaşdırdıq.

Dərsdə toxunduğumuz faizlə bağlı məsələri sonrakı dərslərdə, mövzunu inteqrasiya etdiyim vergilərə aid işlərisə “Vergi Dostu” olaraq baxdığım ərazidə davam etdirdim.

Qeyd edim ki, “Vergi Dostları” layihəsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihədir. Layihənin məqsədi əhalinin bütün təbəqələrini, xüsusilə kommunikasiyası, informasiya texnologiyaları zəif olan qəsəbə və kənd sakinlərini vergi sahəsində məlumatlandırmaq və maarifləndirməkdir.

“Vergi Dostları” şəbəkəsinə 12 saylı Ərazi Vergilər Departamentindən seçilmişəm. İş apardığım ərazi Göygöl rayonunun Üçtəpə kəndi və Firuzabad qəsəbəsidir. Təbliğat iş ilə yanaşı vergi ödəyicilərinə Vergilər Nazirliyinin www.taxes.gov.az və www.e-taxes.gov.az saytlarındakı elektron xidmətlər haqqında məlumat verir, saytlardan istifadə qaydalarını - məktub və ərizələrin, bəyannəmələrin göndərilməsini, vergi borclarının öyrənilməsini və s. izah edirəm.

Gündəlik görüşlərdən, söhbətlərdən əlavə vaxtaşırı müxtəlif tədbirlər keçiririk. Belə tədbirlərdən birini 29.01.2014 – cü il tarixində Üçtəpə kənd Bələdiyyəsinin və 12 saylı ƏVD nin təşkilatçılığı ilə Bələdiyyənin inzibati binasında təşkil etdik. Görüşə ərazidəki sahibkarlar, kənd ağsaqqalları, məktəb direktorları, müəllimlər, şağirdlər dəvət olunmuşdular. Görüş bütün tərəflər üçün çox faydalı keçdi. Vergi Dostları layihəsi və məktəbdə apardığımız iş haqqında məlumat verdik. İştirakçılara 195 çağrı mərkəzinin xidmətinə, torpaq vergisinə, bələdiyyə vergisinə, sadələşmiş vergiyə aid bukletlər payladıq. 12 saylı ƏVD-nin şöbə rəisi Vergi Dostları layihəsi və layihənin əhəmiyyəti haqqında geniş məlumat verdi. Tədbirin sonunda vergilərin təbliğinə aid işlərdə xüsusi fəallığı ilə seçilən iki şagirdimiz tərifnamə ilə təltif olundu.

Bütün yollar təhsildən keçir. Təhsilimizin yüksək səviyyədə olması üçün xalqımızın milli dəyərlərini qloballaşan cəmiyyətimizin tələblərini idarə edəcək standartlara çevirməliyik. Bir sözlə elmlə - həqiqətlə DOST ( D – dəyərlər, O – düzlükdə dünyamız, əks halda sıfır, S – standartlar, T – tələblər) olmalıyıq!

 

Müəllif: Quliyeva Nurlan Səəddin qızı — Göygöl rayon Ə.Məmmədov adına Ütəpə kənd tam orta məktəbin riyaziyyat və informatika müəllimi, Ən yaxşı müəllim (2013), Yeni Yazarlar və Sənətçilər Qurumunun İdarə Heyətinin üzvü, Gəncə bölməsinin sədri - Milli Virtual Kitabxananın Yaradıcı Şurasının üzvü, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən yaradılmış “Vergi Dostları” şəbəkəsinini üzvü (12 saylı Ərazi Vergilər Departamenti, 2013).

 

Просмотров: 658 | Добавил: aslan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva