Çərşənbə, 01.05.2024, 14:17
Mədəniyyət
Salam Qonaq | RSS
Müsabiqə
Təşəkkürlər!
Vergi dostları
Dağlar
Bölmələr
Elm, mədəniyyət və incəsənət [1]
Elm, mədəniyyət və incəsənət
Ədəbiyyat [1]
Bütün ədəbi dövrlər və janrlar
İnternet - şəbəkə ədəbiyyatı [3] Dünya ədəbiyyatı [0]
Təsviri incəsənət [0] İncəsənət [0]
Fəlsəfə [0] Din [0]
Kulturologiya [0] Mədəniyyətin başqa sahələri [0]
Riyaziyyat [4]
Yeni pedaqoji texnologiyalarla
İnformatika [2]
Təqdimatlar [16]
Təqdimatlar
e-Kitabxana [4]
Video [0] Vergi Dostları [1]
Vergilər Nazirliyi
Digərləri [0]
Milli Net
Statistika

Xətdəkilər: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » Файлы » İnternet - şəbəkə ədəbiyyatı

Ağ yol (fantastik roman) - Əbədi həyat (I hissə)
[ Скачать с сервера (393.1 Kb) ] 11.07.2012, 10:10

Əsərin redaktə olunmuş variantı qoşma fayldadır. 

  Gecə zülmət qaranlığa qərq oldu. Ay batdı, ulduzlar buludların arxasında gizləndi. Təbiət gecənin vahiməsindən qorxub sükuta qərq oldu. Az keçmış güclü küləklər əsməyə başladı. Göy üzündəki buludlar arasında çaxnaşma düşdü. Güclü ildırımlar çaxdı, göylər şaqqıldadı. Ağacların budaqları kənd evlərinin pəncərələrini döydü. Az keçmiş partlayış səsləri narahat təbiəti yerindən oynatdı. Kəndə avtomat və plamyot yağışı yağdı. Bomba partlayışından işıqlanan küçələr toz-torpağa qərq oldu. Qışqırıq və fəryad səsləri ətrafda əks-səda verdi. Təbiət-göydəki ulduzlar da tələtümə düşdü. Bu vaxt yerdəki od-alov azmış kimi səmadan bir qığılcım qopub yaxınlıqdakı meşəyə düşdü.

Basqın olacağı haqqında kəşfiyyat əvvəlcədən məlumat vermişdı. Ordumuz azğın erməni ordusundan qorunmaq üçün kənd ətrafındakı mövqeləri gücləndirmişdilər. Ancaq, basqın xəbəri kənd əhalisindən gizli saxlanılmışdı. Kənd gülləbarana tutulduqda çaşqın insanlar küçələrə çıxdı. Qurtulmaqçün yollar axtardı. Bütün yollar isə ermənilərin nəzarətində idi.

Ordumuz müasir silahlarla silahlanmış, xaricdən texnika və canlı qüvvə almış düşmənlə qarşı-qarşıya gəldi. Güclər bərabər olmasa da əsgərlərimiz qəhramanlıqla döyüşdü. Kənddə qan su yerinə axdı. Ağır döyüşlərdən sonra Elşad adlı tanq komandiri mühasirəni qərb istiqamətdən yardı. Salamat qalmış insanlar güc-bəla ilə kənddən çıxardıldı. Ölülər, ağır yaralılar və düşmənin diqqətini yayındıran əsgərlər isə kəddə qaldı. Ermənilər zəifləmiş mövqeyə əlavə qüvvələr göndərdilər. Kənd yenidən mühasirəyə düşdü.

Qardaşı ilə birgə xidmət edən Rəşid də mühasirəyə düşmüşdü. Elşad əsgərlərin mühasirəni yara bilməyəcəklərini görüb fikirləşmədən tanqı kəndə tərəf sürdü. Hər iki tərəfdən sıxışdırılan ermənilər darmadağın edildi.

Kəndə catanda Rəşid yoldaşlarına:

- Siz düşün yaralılara kömək edin! – dedi.

- Tanqı tək edərə edə bilməyəcəksən.

- Düşün! – Qışqırdı. – Əmr edirəm, düşün!

Əsğərlər düşdülər, yünğül yaralanmış Rəşidə kömək edib yaralıları bombardumandan sonra salamat qalmış maşınlara yerləşdirdilər. Kənddən çıxmaq üçün yola düşdülər. Düşmənin zirehli texnikası kəndə tərəf irəliləyirdi. Onlardan bir neçəsi uzaqlaşmaqda olan maşınların arxasınca düşdü. Elşad fikirləşmədən tanqı düşmənin zirehli texnikasının üstünə sürdü. Maşınlar toqquşdu. Güclü partlayış baş verdi. Alovun dilləri ətrafa işıq saldı. Səmada dillər yumrulanaraq qızmar kürə şəklinə düşdü, göyə qalxdı.

Rəşid qardaşının tanqla birgə yandığını görüb maşını saxladı. Əsgərlərə:

- Siz yaralıları aparın! – deyib maşından düşdü. Var gücü ilə qardaşına tərəf qaçdı. Ancaq, az keçməmiş güllələr onu yerə sərdi…



* * * * * * * * *



May ayının əvvəlləri idi. Ətraf gül-çiçəyə qərq olmuşdu. Dağlar nərgizdən don geyinmiş, bənövşələr kolların arasında gizlənmişdi. Havadan gül-çiçək ətri gəlirdi. Belə vaxtlarda Elşad ailəsi ilə birlikdə təbiət qoynunda istirahət etməyi xoşlayırdı. Müharibə getməsinə baxmayaraq bu il də bir gününü ailəsi ilə Hacıkənddə və ya Gülazar bulağında kecirmək istədi. Mayın ikisi üçün hərbi hissədən icazə aldı. Komandanlıq həmin gün Elşadın ad günü oldugündan icazə verdi.

Evdə bir gün əvvəl hazırlıq işləri görüldü. Ancaq, nədənsə ananın qəlbi rahat deyildi. Gəlini Leylaya özünü yaxşı hiss etmədiyini deyib otağına keçdi. Çarpayısına uzanan kimi onu yuxu tutdu. Yuxuda dəhşətli döyüş səhnəsi gördü. Toplar kəndi xarabalığa çevirmişdi. Hər tətəf alova bürünmüşdü. Elşadın sürdüyü tanq yanırdı. Alovun şöləsi oğlunu goylərə qaldırırdı. Ana özünü hadisələrin içində hiss edib qaranəfəs yuxudan ayıldı. Gecəyarı olduğundan nə edəcəyini bilmədi. Dəhşəti unudub yatmaq istədi. Hər dəfə gözünü yumduqda oğlunun alovlara qarışaraq göyə qalxdığını gördü. Səhəri gözüaçıq qarşıladı.

Səhər açıldı. Axşamdan başlayan yağış arasıkəsilmədən yağırdı. Zeynəb bəd xəbər kimi başlarının üstünü alan qara buludlara baxaraq qəlbindən qara qanlar axıtdı. Evdəkiləri qorxutmamaq üçün yuxusundan və hislərindən danışmadı. Uşaqlar bütün günü pəncərənin qarşısında atalarının yolunun gözlədilər. Ataları gəlmədi… Səhəri gün ailə Rəşidin hospitalda olması xəbərini aldı.

Səlim cəbhə xəttində baş verən hadisələrdən xəbərdar idi. Oğlanlarının sağ-salamat geri qayıdacağina ümid edib susurdu. Böyük oğlunun yanmasını, ortancılın hospital düşməsini əvvəlcə ata bildi. Zeynəbə eyni vaxtda iki bəd xəbər verə bilmədi. Ona yalnız Rəşidin yaralandığını dedi.

Zeynəb uşaqları qorxutmamaqçün sakit səslə:

- Dünəndən içimi didib-parçalayan bu imiş! – dedi. – Tez ol oğlumun yanına gedək. Yəqin, Elşad tək qalıb. Qardaşına necə qulluq edəcəyini bilmir…

- Yaxşı, özünü topla gedək.

Onlar hospitala çatdıqda Rəşid yenicə əməliyyatdan çıxmışdı. Hələ ayılmamışdı. Zeynəb oğlunun tək qaldığından narahat olub:

- Elşad hanı? – dedi. – Niyə qardaşının yanında deyil?

Səlim otaqdakı əsgərlərə susmağı işarə etdi.

- Cəbhə xəttinə çağırıblar. Hərbiçidi. Özbaşına deyil ki!

- Nə deyirəm… Təki sağ-salamat olsun! Tanrı köməyində dursun!

Rəşidin yarası çox ağır deyildi. Güllə qabırğasının üstünü sıyırıb keçmışdı. Bir neçə gündən sonra vəziyyətə görə həkimlə danışıb xəstəxanadan çıxdı. Çünki, vaxt keçirdi. Elşadın külünü dəfn etmək lazım idi.

Rəşid:

- Ana, neçə gündü yanımdasan. – dedi. – Dur evə get, dincəl! Mən də axşam yoxlanışdan sonra gələcəyəm…

- A bala, nə danışdığını bilirsənmi? Səni belə qoyub diincələ bilərəm! Evə birlikdə qayıdacağıq.

- Yaxşı, ana… - Alovlanıb yanan tanq gözləri qarşısında canlandı. - Dərdimizi paylaşarıq.

Ana oğlunun nə demək istədiyini bilmədi. Ancaq, ürəyi sancdı.

- Oğul, sağ qaldığına şükür elə! Siz sağ-salamat yanımdasınızsa mənim dərdim yoxdu…

Səlim xəstəxanada olduqları müddətdə Elşadın ölüm xəbərini Zeynəbdən gizlətmişdi. Yolda hər şeyi açıb danışmaq istədi. Cəsarət etmədi. Evə çathaçatda Rəşid məcbur olub maşını saxlatdı.

- Ana, səninlə danışmalıyıq!

- Nə danışmalıyıq? – Zeynəb oğlunun bulud kimi tutulduğunu görüb halbahal oldu. – Nə olub, oğlum! Məndən nə gizlədirsiniz!

- Qardaşım… - Sözünün arxasını deyə bilmədi. Anasının əllərindən tutub öpdü. – Kaş onun yerində mən olaydım!

Nəzərləri uzaqlarda bir nöqtəyə tikilmiş ana soyuq səslə:

- Oğluma nə olub! – dedi.

Dağ-dağa söykənəndə daha da əzəmətli olur. Oğlanlarına arxalanan ata oğlunun ölümündən sonra əzəmətini itirmişdi. O, dərindən köksünü ötürdü.

- Deyilənlərə görə oğlumuz ölüb!

- Deyilənlərə görə nədi! – Ana qışqıraraq fəryad qopardı. – Oğlum ölə bilməz. Ölsəydi ana qəlbim hiss edərdi.

Ata və oğul çaşqın halda bir-birinə baxdı.

- Ana, qardaşımın nə ölüsü, nə də dirisi ortalıqda yoxdu. Amma, tanqın yandığını hamı gördü…

- Oğlum tanqda yandı! – Yuxusunu xatırladı. – Yanmadı… Alovun dilləri onu xilas etdi.

- Ana, qurbanın olum, sakit ol!

Onlar evə çatdılar. Hadisədən xəbər tutan kənd əhli Səlimgilə yığışmışdı. Həyətdə hüzn mağarı tikilirdi. Ana heç kimin üzünə baxmadan səssiz otağına keçdi.

Zeynəb yoldaşı Səlimə:

- Oğlum ölməyib! Mağar tikdirmə! – dedi. – Oğlumun ölüsünü görməsəm öldüyünə inanmaram!

- Zeynəb, axı o tanqda tamam yanıb kül olub! Onun ölüsünü necə ğörə bilərsən!

- Ola bilməz… Mənim sağ-salamat igid oğlum kül ola bilməz! – Ana qəlbləri göynədən bir səslə hönkürüb ağladı. – Qəlbim mənə deyir ki, oğlum ölməyib. Bir qutu külü oğlum hesab edə bilmərəm!

Səlim yanğılı bir ah çəkdi.

- Zeynəb, əzizim, elə itkilər var ki ölümdən də ağırdı. Bilirsən, yetimliklə böyümüşəm… Atam Boyük Vətən Müharibəsində (1941-1945) itkin düşüb. Uşaqlıqdan indiyədək onun yolunu gözləyirəm, hər yerdə axtarıram. Nələr çəkdiyimi bir olan Allah bilir! Həqiqəti olduğu kimi qəbul et!

- Bacarmaram… Onun varlığını hiss edirəm. Siz o külü dəfn edin. Mənsə oğlumun yolunu gözləyəcəyəm!

Həyətdə yas mağarı qurulmadı. Yüngül dərfn mərasimi keçirildı. Külü dəfn etdilər. Zeynəb oğlunun nə vaxtsa qayıdacağını güman edib özünə təsəlli verdi. Ancaq, gözləmədiyi daha böyük bir fəlakət qapısını döydü. Müharibə Rəşidə güllə yarasından ağır yara vurdu. O,sağalmaz əsəb xəstəliyinə tutuldu. Bir oğlunun ölümünü qəbul etmək istəməyən ana, digər oğlunun xəstəliyi ilə barışmalı oldu. Yarımcan dirinin dərdi ona ölünün dərdini unutdurdu.

Səlim xəstə ilə yaşamağın çətin olduğunu görüb gəlinini uşaqları ilə öz evinə göndərdi. Kiçik oğluna qardaşının ailəsinin yanında olmağı tapşırdı. Leyla qayınata evindən ayrılmaq istəmirdi.

- İcazə verin sizinlə qalım! Dərdinizə şərik olaram…

Zeynəb:

- Dərdin özünə bəsdi, qızım! – dedi. – Qayınatan düz deyir. Sən get uşaqlarını böyüt. Gözümüz üstündə olacaq. Arxanda duracağıq, kömək edəcəyik!

Səlim orta məktəbdə oxuyan kiçik oğlu Valehi də şəhid oğlunun ailəsi ilə göndərdi.

- Qızım, Valeh sənin böyük oğlundu. Nə istəyin olsa, ona de! Biz yenə bir ailəyik. Rəşid bizimçün çəkilməz dərddi. Onu xəstəxanaya ata bilmərik. Bir valideyn kimi axır nəfəsimizə qədər oğlumuzun əziyyətini çəkmək borcumuzdu.

Leyla ailədə hamıdan çox istədiyi Rəşidin halına acıdı.

- Rəşid mənə doğma qardaşım kimi əzizdi. Onun xətrinə nə desəniz edərəm!

- Sağ ol, qızım!

Rəşid yaraşıqlı, boy-buxunlu gənc idi. Vaxt keçdikcə onun xəstəliyi şiddətləndi, gəncliyi soldu. Dünyanın böyük klinikalarında müayinədən keçdi. Dərdinə əlac tapılmadı. Lakin, xəstəliyin qəribəliyi həkimləri çox təəccübləndirdi. Rəşid özünə gələndə normal adamlardan ağıllı olur, keçmışdə baş vermış bütün hadisələri xatırlayırdı. Bəzən atası ilə elmi işindən danışır, onu yarımçıq qoyduğu üçün heyfslənirdi.

Rəşid universitetin fizika fakultəsini bitirmişdi. Nisbilik prinsipinə aid dəyərli işləri vardı. O, Gövhər adlı tələbə yoldaşı ilə bircə apardıqları elmi işlərdə Qalileyin nisbilik prinsipini və Eynişdeyinin nisbilik prinsipini müqayisəli şəkildə təhlil etmişdi. İstənilən ətalət hesablama sistemlərində fizika qanunlarının eyni olduğunu təcrübələrlə izah etmişdi. Yalnız kainatın dərinliklərində bu qanunların ödənməsinə şübhə edirdi. Hərdən ruh olub səmaya qalxmaq-fikirlərini dəqiqləşdirmək istəyirdi. Belə fikirlərlə tez-tez Gövhərin xətrinə dəyirdi. Onlar iş üçün bir arada olsalar da aralarında dərin məhəbbət vardı. Elmi işə, ağılsız xülyalara görə bir-birini itirmək istəmirdilər. Rəşid sağalmaz xəstəliyə tutulduğunu dərk etdikdə Gövhərə fikrini yayındırdığını, bir iş görmədən elmi işlərinə şərik olmaq istədiyini söylədi. Qız haqsız yerə suçlandığından incidi, Rusiyaya-valideynlərinin yanına getdi.

Rəşidin xəstəliyi beyni qidalandıran hüceyrələrin zəifləməsi idi. Dərdinin əlacı yalnız, fil dişində olan xususi maddədəydi. Rəşid tapılmayan maddədən hazırlanmış həbləri ömürü boyu qəbul etməli oldu.

Vaxt keçdikcə müalicə Rəşidə kömək etmədi. O, günlərlə, həftələrlə koma vəziyyətinə düşdü. Ayılanda qəribə yerləri təsvir etdi. Ruhunun səmada gəzdiyini, Elşadın dumanlıqda yatdığını dedi. Kainatdakı planetlərdən, qalaktikalar sistemindən, gözəl təbii şəraiti, saf insanları olan məskənlərdən danışdı. Ətrafdakılar ağlını itirdiyini güman edib əhəmiyyət vermədilər.

Rəşid sonuncu dəfə komadan ayılanda anası ilə tək qalmaq istədiyini bildirdi.

- Ana, səninlə danışmaq istəyirəm.

- Danış, bala, səsinə qurban olum!

- Ana, növbəti dəfə ayılmayacağam...

Zeynəbi elə bil ildırım vurdu. Yerindən tərpənə, söz deyə bilmədi.

- Ana bilirəm çətin olacaq. Dözməlisən... Atamın, ailəmizin xətrinə dözməlisən. Hər dəfə sənin ah-naləni eşidib qayıdıram. Bu dünyada həm cismim, həm də ruhum əziyyət çəkir!

- Can bala! Kaş sənə gələn mənə gələydi!

- Ana, özün deyirdin ki, ölüm də bir qismətdi! İmkan ver rahat ölüm!

- Oğul, ölüm mənimdi! Sizlər nə yatdınız ki, nə də yuxu görəsiniz! – Ana için-için ağlayıb ürəyindən qanlar axıtdı. – Tanrı günahım nədi! Niyə mənə övlad dağı göstərdin!

- Ana, ölüm həyatın sonu deyil. Bizlər bir formadan, başqa formaya düşərək yaşayırıq. Bütün ruhlar kainatı dolaşır. Xeyirxah ruhlar əbədi həyat qazanır!

- Oğul, danışmaq asandı! Ana qəlbi... – Özünü saxlaya bilməyib ağladı.

- Ana, ağlama! – Ruhu azad olan vaxt gördüklərini xatırladı. – Ana, sən qardaşımın ölümünü qəbul etmədin... Hislərin səni aldatmamışdı. O,sağdı...

- Haradadı!

- Gələcək,ana... Səbirli ol!

- Mənə təsəlli verirsən, oğlum! – Son on ildə 30- 35 yaş qocalmış ana titrək əlləri ilə oğlunun başını dikəldib onun alnından öpdü. Rəşidin xəstəlikdən arıqlqyıb solmuş çührəsində xəfif təbəssüb göründü. – Ürəyinə qurban olum, oğul! Niyə belə oldu!

- Qismət beləymış. Mənimki də buraya qədərdi.

- Elə demə...

- Ana, narahat olma. Ruhum kainatda-planetimizdən çox uzaqda olan planetdə yenidən doğulacaq! Hər dəfə özümdə olmayada o yeri görürəm!

- Elşad da oradadı!

- Elşad sağdı. O, sağ ikən əbədi həyat qazanıb. O planetdə isə xeyirxah və əbədiyyətə qovuşmuş ruhlar yenidən doğulur. Az vaxtda böyüyür və Tanrının verdiyi ikinci həyatı yaşayır. Ana, ölüm son deyil!

- Bəsdi! – Zeynəb oğlunun sayıqlamasına dözə bilmədi.

- Ağlımı itirməmışəm... Ruhum cismimin əzabından xilas olmaq istəyir! İzin ver rahat gedim... Axı yazıya pozu yoxdu!

Rəşidin gözləri qeyri-ixtiyari qapandı. Dikəlmiş başı sinəsinə endi. Anasının qucağında can verdi! Zeynəb var səsilə qışqırıb evdəkiləri çağırmaq istədi. Bacarmadı, səsi çıxmadı. İçin-için ağlayıb oğlunu bağrına basdı.

* * * * * *

Elşad yerdən kilometrlərlə uzaqda-atmosferin üst təbəqəsindəki dumanlıqda yad planetlilər tərəfindən hazırlanmış ağ çarpayıda üç gün yatdı. Ayıldıqda ölü, yaxud diri olduğunu aydınlaşdıra bilmədi. Qalxıb ucu-bucağı görünməyən ağ buludların üstü ilə addımladı. Yeridikcə dizə qədər dumana batdı.

Öz-özünə danışırmış kimi:

- Dumanlıqda yalnız ruhlar yeriyə bilər. – dedi. Qanlı döyüş səhnəsini, tanqda yandığını xatırladı. – Deməli, mən ölmüşəm! Ruhum səmaya qalxıb! Maddi varlıq olsaydım çəkim olardı. Yer tərəfindən cəzb olunardım. Yıxılardım.

- Oğul, ölməmisən! Biz səni oddan almışıq. Yanmaqdan xilas etmişik. – Ağ saçlı nurani qoca bir neçə cavanla yaxınlaşdı. – Uzərində gəzdiyin dumanlığı biz süni şəkildə yaratmışıq. Təbii olsaydı çoxdan yıxılmışdın.

- Siz kimsiniz?

- Biz yerdən çox uzaqda-kainatın dərinliyində Tanrının möcüzələrindən biri olan möhtəşəm planetin sakinləriyik. Bizim planetdə kainatda əbədi həyat qazanmış varlıqların ruhları yenidən doğulur. Bəzən səmada bizləri görürsünüz. Ancaq, gördüklərinizin həqiqət, yoxsa, yuxu oldugunu aydınlaşdıra bilmirsiniz.

- Qəribədi. Ruhlar yenidən doğulur!

- Əlbəttə... Təbiətdə daimi heç nə yoxdu. Heç nə heçdən yaranmır və itmir. Formasını dəyişir. Təbiətdəki bütün varlıqların ruhu var. İnsan ruhunun yenidən insanda olmasının nəyi qəribədi!

- Nagıla oxşayır.

- Ola bilər... Onsuz da insanlar izah edə bilmədiklərini nağıl kimi qəbul edirlər.

- Yəqin, mən ölmüşəm ki, sizin nağıllar aləminə düşmüşəm.

- Ölməmisən. İkinci dərəcəli yanıq yarası almısan. Sinəndə və üzündə yanığın izi qalıb.

Elşad əli ilə üzünü yoxladı. Üzü cala-cuxur və qırışmış idi.

- Bu sir- sifətlə ölsəm yaxşıydi!

- Naşükür olma! Tanrı sənə ikinci həyat verib! Xeyli vaxtdı ayılacağını gözləyirik. İstəsən aşağıya-doğmalarının yanına qayıda bilərsən. Vətənini istəməsən səni özümüzlə apara bilərik.

- Niyə mənə görə narahat olursunuz?

- Günahkarıq! Planetinizdə təbiətin qanunlarına, hadisələrə müdaxilə etmişik. Qərarını gözləyirik!

- Belə vəziyyətdə qərar verə bilmərəm!

- Ailən səni ölmüş bilir. Lakin, anan öldüyünü qəbul etmək istəmir. İkinci oğlunu itirəndən sonra ona çox çətindi.

- İkinci oğlu kimdi! Qardaşım ölüb!

- Hə. Rəşıd səndən sonra sağalmaz əsəb xəstəliyinə tutuldu. On ilə yaxın əzab-əziyyətlə yaşadı.

Elşad təəccüblə:

- İllərlə yatmışam! – dedi.

- Bizim hesabla üç gün, sizin vaxtla on ilə yaxın.

- Qardaşım ölüb! Haqsizlıqdı! Axi mən ondan ötrü özümü oda atmışdım! – Anası gözləri önündə dayandı. – Yazıq ata-anam... Tanrı onları ağır cəzalandırıb. İki övlad itiriblər!

Çöhrəsı nur saçan qoca əlini Elşadın başına çəkdi.

- Oğul, Tanrı səni yaşatdı! Geriyə ailənin yanına qayıda bilərsən.

- Siz kömək etməsəydiniz indi ölmüş olmalıydım.

- O, sənə ikinci həyat verdi!

- Onsuz da mən ölmüş kimiyəm. Kaş qardaşımı yaşadaydı!

- Hərə öz həyatını yaşayır. Qardaşın təmiz qəlbli insan idi. O, qəhrəmanlığı ilə əbədi həyat qazanıb! Bizim planetdə yenidən doğulub.

- Görmək istəyirəm!

- Bizim planetimiz sizin insanların idealıdır. Oranı görüb geri qayıtmayacaqsan. Harada yaşamaq istədiyini dəqiqləşdir.

- Vətən mənimçün hər şeydən üstündü. Qayıdacağam!

- Yaxşı. Oradakı bir gün yerdəki üç ilə bərabərdi.

- Eybi yoxdu. Qardaşımı görmək istəyirəm.

Dumanlıqdan alova bürünmüş kürə şəkilli obyekt çıxdı. Obyekt kürənin böyük çevrəsi boyu iki hissəyə bölüdü. Onlar gümüşü rəngli pilləkənlərlə yuxarı qalxıb dairəvi stolun ətrafında oturdular. Obyekt qapandı. Daxildən ətraf görünsün deyə üst hissə şəffaf rəng aldı. Alov dilləri uzanaraq obyekti kometə-göy cisminə oxşatdı. O bir necə dəfə yerin orbiti boyunca dövrə vurub işıq sürətinə bərabər sürətlə Yer planetindən uzaqlaşdı. Məkana catdıqda alov nura çevrilib planetin səthinə səpələndi. Elşadgil işığın üstü ilə səthə endilər. Nurani qoca gəncə tapşırıq verib ayrıldı.

Kainatın dərinliyində mövcud olan əbədi həyat planeti həqiqətən ideal idi. Yaradan buradakı hər şeyi könlünün xoş vaxtında yaratmışdı. Yaşıl bağ-baxcalar, al-əlvan çiçəklər, dümduru sular planetdə göz oxşayırdı. İnsanlar təbiətin qoynuna sığınaraq ona zərər vurmadan yaşayırdılar. Planetin sakinləri süni gözəlliyi yaratmaq üçün bir otun belə xətrinə dəyməmişdilər.

Elşad planeti gəzdikcə gözəllikdən zövq aldı. Quş kimi yüngülləşdi. Bulaqların suyunda öz əksinə baxdı. Üzünü tərtəmiz-əvvəlkindən də yaxçı gördü.

- Qardaşımı görmək istəyirəm!

- Birazdan onun evinə catacağıq. – Gənc irəlidəki evi göstərdi. – Qarşıdakı ikimərtəbəli evdə yaşayır. Özü bizi qarşılayacaq.

Elşad gəncin sözlərini zarafat zənn edib hirsləndi.

-Yenicə doğulmuş uşaq bizi necə qarşılayacaq!

- Qardaşınız cavan oğlandı. Burada doğulmuş insan saatla böyüyür. Bir necə günə gənc yaşına catır. Sonra həyat gec irəliləyir. İnsanlar uzun illər yaşayırlar.

- Bəs ağsaqqal deyirdi ki, bura əbədi həyat planetidi. Mən elə bilirdim burada insanlar ölmürlər. Daimi yaşayırlar!

- Təbiətdə daimi heç nə yoxdu. Bizlər Tanrıq verdiyi ömrü yaşayırıq. Planetimizdə əbədiyyət Yaradanın insan ağlına sığmayan möcüzələrini bizlərə bəxş etməsidi.

- Qəribədi...

- İgid qardaşım! – Arxadan səs gəldi. – Sağ olduğunu bilirdim.

Elşad kədərlə yaxınlaşan qardaşına baxdı. Həmişəkindən də yaxşı foprmada idi. Gülümsəyirdi. Gözləri sevincdən işıq saçırdı. Elşada elə gəldi qardaşı burada daha çox xoşbəxtdi.

- Yeni dünyaya xoş gəlmisən!

Qardaşlar uzun illərin ayrılığından sonra həsrətlə qucaqlaşdılar.

- Qardaş, sağ-salamat olduğunu gözlərimlə görməsəydim geri qayıda bilməzdim. Sənin xəstəliyinə və ölümünə mən səbəb olmuşam. Sağ olduğuna əmin olmasaydım özümü bağışlaya bilməzdim.

- Burada xoşbəxtəm! Xəstə olarkən həm cismim, həm də ruhum əziyyət çəkirdi. Özümdə olmadığım vaxtlarda ruhum səmada-sənin yatdığın dumanlığın üstündə gəzirdi. Geri qayıdıb səndən danışırdım, yaşadığını bildirirdim. İnanmırdılar. Sayıqladığımı zənn edirdilər.

- Hər şey mənə görə olub! – Elşad ağır-ağır dilləndi.

- Ailəmiz bədbəxtdi. Geri qayıt. Doğmalarımızın həyatını qaydaya sal!

- Qayıdacağam!

- Bizi tanış etmək istəmirsən! – Gənc və gözəl bir qadın əl verib Elşadla görüşdü. – Qardaşınızın həyat yoldaşıyam.

- Deməli, onun gözlərindəki sevgi sizsiniz! O, sizə görə bu qədər xoşbəxtdi!

- Bilmirəm...

- Bağışla, onun haqqında danışmağa vaxt tapmadım. Evlənmişəm. Evə gedək. Dincəl. – Onlar uşaqlıqda olduğu kimi əl-ələ tutub evə tərəf getdilər.

- Bu gün dincəlmək istəmirəm. Mümkündürsə, planeti gəzək. Buradakı insanlarla, onların həyat tərzi ilə tanış olmaq istəyirəm.

- Mümkündü. – Gəlin cavab verdi.

- Biz axşam gələcəyik. – Gənc sağollaşıb getdi.

Rəşid qardaşına maşına oturmağı təklif etdi. Maşın kiçik kosmik raketə bənzəyirdi. Raket bəzən yolla, bəzən hava ilə hərəkət edərək planeti gəzdi. Planetdə Elşadın ilk nəzərinə çarpan gözəl təbiət, sadə tikililər oldu. O, sonra insanlara yaxın olmaq üçün şəhəri piyada gəzdi. Heç bir yerdə boş və ya faydasız işlə məşğul olan adam görmədi. Hərə öz işi ilə məşğul idi. Planetdə bolluq və firavanliq idi. Mağazalardakı mallar, yeməkxanalardakı yeməklər pulsuz idi.

Elşad marağını gizlədə bilməyib:

- Bu necə olan işdi! – dedi. – Nə yaxşı cəmiyyətdəki tarazlıq pozulmur?

- Qardaş, burada pul rol oynamır. Tanrı qarşısında hamı eyni olduğu üçün cəmiyyətdə insanlara fərq qoyulmur. Hərə öz bacardığı işlə məşğul olur. Tələbatından artıq heç nə istəmir.

- Qəribədi... Ölüm ayağında da var-dövlətdən gözü doymayan insanların nəfsini boğması əsl möcüzədi.

- Buranın insanları seçilmişlərdi.

- Bilirəm. Bəs bədxah adamların ruhu necə olur. Axı hər şeydə ruhu günahlandırmaq düzgün deyil. Tanrı insana ağıl da verib.

- Qara fikirlər o ruhları ağırlaşdırır. Yüksəkliyə qalxa bilmirlər. Onlar əsasən planetlərarası fəzada elektromaqnit dalğalarının və kosmik şüalanmanın təsiri nəticəsində məhv olurlar.

- Deməli, həyatı sağ ikən qazanmaq lazımdı!

- Doğrudu, sən öz dünyanda bu dünyanı qazanmısan!

Axşam oldu. Ayrılıq vaxtı yetişdi. Elşadı evə qaytaracaq adamlar gəldi. Qardaşlar sonuncu dəfə qucaqlaşıb ayrıldılar.

Rəşid kədərli səslə:

- Get doğmalarımızı xoşbəxt et! – dedi. – Mən onlara çox əziyyət verdim. On il mənim zülmümü çəkdilər.

- On il!

- Hə, qardaşım, buradakı bir gün yerdəki bir neçə ilə bərabərdi.

Elşad kənarda dayanıb onu gözləyən adamları nəzərdən keçirib:

- Bu adamların xeyli yaşı olmalıdı. – dedi. – Sizlərin arasında mənim kimi-başqa planetdən gətirilmiş adamlar varmı?

- Yox, biz Tanrının işlərinə qarışmırıq. Sizin qəhrəmanlığınıza heyran olduğumuza görə kömək etdik. İstəsəniz bizimlə yaşaya bilərsiniz.

- Planetinizdə həyat gözəldi. Ancaq, mən yalnız öz vətənimdə xoşbəxt ola bilərəm. – Qardaşının həsrətlə baxdığını görüb köksünü ötürdü. – Qardaşım, səni xoşbəxt gördüyümə çox sevindim. Həyatda hər şeyin sonu var. Ayrılmalıyıq. Sağlıqla qal!

- Uğur olsun! – Gözləri yaşardı. – Tanrı istəsə yenə görüşəcəyik!

- Artıq vaxtdı. Elşadı xəstəxanada gözləyirlər. – Səmadakı parlaq ulduzu müşahidə edən yaşlı kişi onları tələsdirdi.

- Xəstəxanada! – Elşad evə qayıdacağını fikirləşdiyindən təəccüblə soruşdu. – Məni evimə aparmırsınız?

- Evinə xəstəxanadan gedəcəksən. On üç ildən sonra heç nə olmayıbmış kimi evinə qayıda bilməzsən. Harada yaşadığının izahı olmalıdı.

- Nə fikirləşmisiniz?

- Həqiqətə yaxın yalan.

- Sizlərə yaraşmır.

- Həqiqət səni məhv edər. İnsanlar tərəfindən başa düşülməzsən. O dünyaya gedənlər geri qayıtmırlar.

- Doğmalarıma yalan danışacağam!

- Hə. Sən keçmişini xatırlamayan və üzündə plastik əməliyyat aparılacaq xəstə kimi Amerika xəstəxanalarından birində yerləşdiriləcəksən.

- Amerikada!

- Orada doğmaların yaşayır. Görüşməlisiniz.

Elşad Amerikada qohumları olduğunu bilmirdi. Soruşub öyrənməyə macal tapmamış Rəşid əlini sixıb:

- Get, qardaşım! – dedi. – Get real dünyada yaşa! Sən hələ sağsan. Mənim kimi ölüb doğulmamısan. Bil ki yüz ilin ölüsündən bir günün dirisi yaxşıdı!

* * * * * *

Zeynəb Rəşidin ölümündən sonra uzun müddət özündə olmadı. Oğlunun qucağında ölməsi onu möhkəm sarsıtdı. Bədbinləşdi. Həyatdan küsdü. Bir otağa çəkilib tənha həyat yaşadı. Bəzən saatlarla, günlərlə nəzərlərini bir nöqtəyə dikib dinməz oturdu. Heç kimi hətta, oğlu Valehi də görmək istəmədi. Səlim onun xəstələnəcəyindən ehtiyat edib ailəni bir yerə yığdı. Evdəki boşluq yenə dolmadı. Zamanla ailənin dərdi yüngülləşmədi. Ananın vəziyyəti gündən-günə ağırlaşdı. Valeh isə ailədəki gərginliyə görə təhsilini yarımçıq qoydu.

Səlim böyük arzularla yaşayan oğlunun taleyinə acıdı.

- Oğlum, təhsilini davam etdir. Ananın yanında mən varam. Hərdən gəlib baş çəkərsən.

- Yox, ata, gedə bilmərəm. Getsəm gələ bilməyəcəyəm.

- Niyə!

- Təhsilimi Amerikada davam etdirmək istəyirəm.

- Buranın təhsilini bəyənmirsən! – Zeynəb narazılıqla dilləndi. – Səni ki bu səviyyəyə öz təhsilimiz çatdırıb! İndi böyümüsən!

- Yox, niyə ki! Bəyənirəm. Ana, mənə iqtisadiyyatı yaxşı inkişaf etmiş ölkə lazımdı. İqtisadiyyatın müxtəlif sahələri üçün riyazi modellər quracağam. Amerikada riyazi iqtisadla məşğul olan məşhur universitetlər var.

- Gedirsən get! Qayıdanda ananı ölmüş görəcəksən.

Səlim Zeynəbin qəlbini ələ almaq istədi.

- Ay Zeynəb, qocalı-qarılı yaşayacağıq. Uşağı sıxma. Qoy təhsilinin dalınca getsin.

- Nə deyirəm! Yolu açıq olsun. – Dərindən nəfəs aldı. – Mənə bu dünyada oğul qismət deyilmiş!

- Elə demə. Allaha ağır gedər!

Zeynəbin gözləri yol çəkirmış kimi uzaqdakı bir nöqtəyə dikildi.

- Kaş Elşadın qayıtdığı günü görə biləydim.

Səlim təsəlli verməkdən, reallığı izah etməkdən bezdiyindən susdu. Xəyalları onu səmaya qaldırdı. Dumanlıqda oğlanlarının simasını gördü. Gözləri yaşardı.

Ürəyində səssizcə xəyallarına pıçıldadı.

- İgidlərim, atanızın ürəyi daş deyil! Sadəcə sevdiklərini dəfn etdiyi məzarlıqdı! Sizi əllərimlə dəfn edib sağ olduğunuzu güman edə bilmərəm!



* * * * * *



Elşad Amerikanın Texas ştatında plastik əməliyyatla məşğul olan məşhur bir klinikada yerləşdirildi. Ona ikinci dərəcəli yanma diaqnozu qoyuldu. Dərisi kələ-kötür hala düşmüş, üzü və boynu qırışıb eybəcər şəkil almışdı.

Həkimlər müayinədən sonra qonşu otağa keçdilər. Elşad qarşısındakı güzgüyə baxaraq həkimlərin mübahisəsinə qulaq asdı. Yerli həkimlər yaraların dərin olduğunu, müalicənin mümkünsüzluyunu deyirdilər. Onu xəstəxanaya gətirən "xilaskar”lar isə dərhal əməliyyata başlamağı məsləhət gördülər...

Yad planetli ona yaxınlaşıb:

- Narahat olma, yaxşı olacaq! – dedi. – Əməliyyatda biz də iştirak edəcəyik.

- Necə!

- Gözə görünmədən. Bu əməliyyatı onlar bizsiz apara bilməzlər. Özümüz gedəcəyik. Ruhumuz onların beyni, gözü, əli olacaq!

- Məni Amerikaya necə gətirmisiniz? Mən biləni yolda ciddi yoxlanış olur.

- Bu bizim sirrimizdi.

- Sizin planetinizdə hər şey gözəl idi. Güzgü eybəcərliyimi göstərmirdi.

- Bizdəki həyat sənin üçün xəyal idi. Xoş niyətli insan olduğundan yalnız xoş xəyallar gördün. Amerikada həyatı da qeyri-adidi. Bəyənəcəksən.

- Amerika inkişaf etmış ölkədi. Gözəl ola bilər. Vətənim Azərbaycana çata bilməz!

- Hərəyə öz vətəni şirindi.

Amerikanın ücqarı hesab edilən Texas ştatındakı klinika bəlkə də, Avropanın məhşur klinikalarından üstün idi. Burada rahat gözləmə zalı, müayinə və müalicə üçün müasir, yüksək səviyyəli maddi-texniki baza vardı. Klinikada qeyri-adi rəsmiyyət hökm sürürdü. Həkimlər xəstələrlə demək olar ki, ünsiyyət qurmurdular. Xəstələr ümümi zalda gözləyirdilər. Vaxtaşırı tibb işçiləri xəstələrə yaxınlaşıb onları lazımı yerə aparırdılar. Gözləmə zalındakı insanlar arasında isə tam fərqli münasibət vardı. Elşadın soyuqqanlı hesab etdiyi amerikalılar bir-birinə qarşı mehriban və qayğıkeş idilər.

Yaxınığındakı ailə onun diqqətini daha çox cəlb etdi. Onlar öz aralarında bəzən azərbaycanca danışırdılar. Elşad doğmalarını tapmış kimi sevincək onlara yaxınlaşdı.

- Siz azərbaycanlısınız!

Təqribən iyirmi yaşında olan gənc və gözəl bir qız sevinclə ona baxdı. Elşad sifətinin eybəcərliyindən utanıb üzünü yana çevirdi.

Qız heç nə görməyirmiş kimi:

- Siz də azərbaycanlısınız! – dedi.

- Hə. Danışığınızı eşitdim...

- Şadam! Babam azərbaycanlı idi. Biz amerikalı olsaq da qəlbimiz Azərbaycanla döyünür!

Qızın sözləri Elşadı çaşbaş saldı. O, bilmədi qarşındakı azərbaycanlıdı, yoxsa, amerikalı. Qızın Amerikada doğulub, amerikan adət-ənənəsini gördüyünü nəzərə alıb onu anlamağa çalışdı.

- Özünüzü amerikalı hesab edə bilərsiniz. Əslində damarlarınızda azərbaycanlı qanı axır.

- Əlbəttə... – Qız arxaya çevrilib anası ilə nəsə danışdı. – Sizi atamla tanış etmək istəyirəm. O, həmvətənlisini görsə sevinəcək.

- Yox, sağ olun!

- Atamla görüşmək istəmirsiniz!

- Belə vəziyyətdə...

- Sizə nə olub ki! Sağalacaqsınız. Burada daha ağır xəstələr müalicə olunur.

Elşad əməliyyatı bəhanə etdi.

- Məncə vaxt çatmayacaq. Əməliyyat keçirməliyəm.

Söhbətin axırını gözləyən həkim onlara yaxınlaşdı.

- Əməliyyat səhər tezdən olacaq. Get.

- Bəhanəniz qalmadı. – Qız atasına zəng vurdu. Xəstəxanada həmvətənlisini tapdığını bildirdi. Az keçmış orta yaşlı, dülərüz bir kişi onlara yaxınlaşdı. Elşad kişini gördükdə donub yerində qaldı. Qarşısındakı atası idi.

- Ata –deyib onu qucaqlamaq istəyirdi ki, qız kişinin qoluna girdi.

- Ata, ellindi!

- Şadam. – Onlar doğma insanlar kimi görüşdülər. – Səlim.

- Elşad.

- Ailəmlə tanış olmusan?

- Yox.

- Belə olmaz. – Narazılıqla qızına baxdı.

- Ata, imkan olmadı. Azərbaycanlı olduğunu bildikdə özümü itirdim.

- Eybi yoxdu. Bu mənim qızım Əslidı. Atam anasının adını qoyub. Valid həyat yoldaşımdı. Yeniyetmə isə oğlum Azərdi.

- Yaxşı... – Elşad atası ilə Səlimin oxşarlığından və Əsli adından şübhələndi. Fikrindən əhəmiyyət vermədiyi "Amerikada qohumlarınız yaşayır. Görüşəcəksiniz.” sözləri keçdi.

Öz-özünə danışırmış kimi:

– Bu qədər təsadüf olmaz. – dedi. - Bəlkə, bu ailə ikinci dünya müharibəsində itkin düşmüş babamın ailəsidi! Səlim atamın qardaşıdı!

- Gedək qonağımız ol! Bizə Azərbaycandan danış.

Elşad nə danışacağını bilmirdi. Aradan illər keçmişdi. O, od-alov içində qoyduğu vətəninin indi necə olacağını təsəvvür etmirdi.

- Eşitməklə vətəninizi tanıya bilməzsiniz. Qayıdanda sizi cağıracağam. Gəlib özünüz görərsiniz.

- Yaxşı fikirdi. Atamın arzusu idi. Oradakı ailəsinin sürgün ediləcəyindən qorxub heç vaxt arzusunu dilinə gətirmədi. Axı atam ikinci dünya müharibəsində əsr düşmüşdü.

- Atanızın ailəsi haqqında danışa bilərsinizmi!

- Bildiklərimi dedim. Bir də evdə köhnə fotoşəkil var. Atam cəbhə boyu o şəkili özü ilə gəzdirib. Gedək göstərim. Bəlkə qohumlarımızı tanıdın. Onları tapmaq çoxdankı arzumdu.

Elşad görkəmini unudub onlarla getdi. O, yol boyu küçələrdə bir nəfər də olsun adam görmədi. Burada əhali kücələrdə piyada gəzmirdi. Mürəkkəb yol şəbəkəsində maşınlar rahat hərəkət edirdi. Müəyyən obyektlərdə böyük dayanacaqlar və saysız-hesabsız maşınlar vardı.

Səlim işi olduğunu deyib marketin qarşısında dayandı. Maşındakı çantanı götürüb:

- Elşad, sən də düş! – dedi. – Birgə gedək.

- Yaxşı.

Səlim yarı dolmuş çantanı marketdən doldurdu. Satıcının soyuqqanlılığı Elşadı təəccübləndirdi.

- Niyə köhnə aldıqlarınızın üstünə yığdınız? Satıcı bilməyəcək.

Səlim gülümsədi. Satıcıya yaxınlaşıb yeni yığdığı ərzaqları çantadan çıxartdı. Qiymətlər hesablandı, pul kassaya keçirildi. Qeyri-adi inam Elşada qəribə gəldi. Marketə diqqətlə baxdı. Hər tərəfdə kameraların işlədiyini gördü. "İnamın sirri bu kameralarda olmalıdı. Yəqin, Tanrıdan gizləndiklərini zənn edib bəd əməllərlə məşğul olan insanlar bu kameralardan yayınanmayacaqlarını bilirlər.”

Evə gəldilər. Elşad fotoşəklə baxdı. Gözlərinə inanmadı. Şəkildəki babasının ailəsi idi.

- Biz qohumuq! – Səsi titrədi. – Qohumdan da yaxınıq. Əmimsiniz.

Sevincdən Səlimin gözləri yaşardı. Elşadı qucaqlayıb alnından öpdü.

- Qardaş oğlu! Atam sizləri çox istəyirdi. Zərər verəcəyindən qorxub sonralar da sağ olduğunu bildirmədi.

- Atam bütün ömrü boyu atasını axtarıb. Beynəlxalq təşkilatlara qədər müraciət edib. Babam isə..

- Oğul, atamı günahlandırma! Qismət belə imiş. Qadaşımı Amerikaya çağıraram. Tanış olarıq, babanın qəbrini ziyarət edərik.

- Əməliyyatdan sonra çağırarsınız. Məni bu vəziyyətdə görmələrini istəmirəm.

Elşad səhəri gün əməliyyat keçirdi. Üzünün yanmış dərisi yaramadı. Görkəminin dəyişməsini istəmədiyindən əməliyyat uzun çəkdi. Həkimlər onun üzü üçün bədənindəki sağlam dəridən istifadə etdilər. Əməliyyat uğurlu keçsə də, o, yuxudan ayılmadı. Günlərlə, həftələrlə yatdı. Səlim lazımı yerlərə müraciət edib qardaşının ailəsini tapdı. Vəziyyəti izah edib onları Amerikaya çağırdı.

Zeynəb ağır yataq xəstəsi idi. Oğlunun sağ olduğunu eşitdikdə möcüzə baş verdi. O, yataqdan qalxıb Elşadın görüşünə hazırlaşdı. Səlim az vaxtda sənədləri hazırladı. Amerika xəyalı ilə yaşayan Valeh də ata-anasına qoşuldu. Onlar İngiltərəyə, oradan da Amerikaya uçdular.

İlk təsurat Valehin xəyallarını alt-üst etdi. O, xəyallarında yaratdığı varlı və qaynar həyatlı Amerika əvəzinə sadə, küçələri boş bir ölkə gördü.

- Ata, kinofilimlərdəki, siyasi aləmdəki Amerika hanı?

- Oğul, gördüyümüz sadə, çoxmillətli amerikalılardı. Biz pərdə arxasını görmürük.

- Qəribədi. Sadə Amerika daha gözəldi. İnsanları xoşbəxt və qayğısızdı.

Səlim oğlunun burada yaşamaq istədiyini bildiyindən:

- Qayğısız yaşamaq üçün mübarizə aparmaq lazımdı. – dedi. – İnsan vətənində xoşbəxt olur. Qərib insan vətən həsrəti çəkir, gözlərində sevinc niskilə çevrilir.

Valeh susdu. Atasının sözləri onu qorxutdu.

Elşad sanki, doğmalarının gəlişini gözləyirdi. Onlar Amerika torpağına ayaq basdıqları gündən Elşadın vəziyyəti yaxşılaşmağa başladı. Əvvəlcə yuxulu vəziyyətdə danışdı və bir gündən sonra gözlərini açdı. Zeynəb oğlunun ayıldığını görüb sevincindən ağladı. Elşad qalxıb anasının ağ saçlarından, qocalmış əllərindan öpdü.

- Bağışla ana! Tez gələ bilmədim.

- Bilirəm, deyirlər uzun müddət huşunu itirmisən. Özündə olmamısan. Keşmişini xatırlamamısan.

- Düzdü... – Elşad yad planetlinin sözlərini xatırlayıb danışmadı.

- Sağ olduğunu hiss etmişdim. Qardaşın da deyirdi.

- Ana qəlbi yanılmaz! – Səlim uzun illər onun sözlərinə inanmadığına peşman olmuşdu. – Zeynəb sənə inanmadığıma görə bağışla.

- Allah bağışlasın, inanılası deyildi.

- Ata, başıma gələnlər həqiqətən inanılmaz idi. – Ata-oğul görüşdülər.

-Qardaş mənimlə görüşmək istəmirsən!

Elşad qarşısındakı gənci səsindən tanıdı.

- Valeh, sənsən! Neçə də dəyişmisən, böyümüsən.

- Dillənməsəm tanımayacaqdın!

- Baxışlarından, qaşdan-gözündən tanıyacaqdım.

Səlim qururla oğlanlarına baxdı.

- Elşad, artıq oğlanların böyüyüb. Yeniyetmə gənclər olub.

- Təəssüb ki, mənsiz böyüdülər. Sizlərə çox əziyyət verdilər!

- Yox, oğul. Biz onlara görə yaşamağa güc tapdıq. Leyla da yaxşı ana, namuslu gəlin oldu. Əl-ələ verib yaşadıq.

Elşad həmişə Leylaya etibar edirdi. Ondan xoş sözlər eşitdiyinə sevindi.

- Sizləri bir arada sağ-salamat gördüyümə şadam. Həqiqətən doğmalarsız həyat heç nə imiş.

- Oğul, qardaşın bizi çox incidir. – Zeynəb şikayətləndi. – Amerika xülyası başından çıxmır.

- Ana, bəsdi. – Valeh hirslənib otaqdan çıxdı.

- Ana, narahat olma. O, sizin oğlunuzdu. Damarlarında azərbaycanlı qanı axır!

- Amerikada yaşamaq istəyir.

- Cavandı. Xəyalpərəstdi. – Elşad yuxarıdakı dünyanı xatırladı. – Vətənimiz bizim üçün əvəzedilməzdi, cənnətdi!

Səlim:

- O, ingilis dilini yaxşı bilir. – dedi. – Amerikan ədəbiyyatını oxuyur. Ölkənin kitablardakı obrazına vurulub.

- Ona vaxt verin. Amerika yuxarıdakı planet qədər gözəl ola bilməz. Orada da insan vətəni, doğmaları üçün darıxır.

Səlim oğlunun nə dediyini başa düşmədi. Zeynəb isə Rəşıdın sözlərini xatırladı.

- Qardaşın göylərdəki dünyada yaşayacağını deyirdi. Görəsən indi xoşbəxtdirmi!

- Xoşbəxtdi. – Elşad sirri açacağından qorxub söhbəti dəyişdi. – Ata, qardaşınla görüşdünmü?

- Görüşdüm. Çiyinlərimdən illərin ağırlığı götürüldü. Ürəyim yüngülləşdi.

- Əmimin ailəsi ilə xəstəxanada rastlaşdıq. Qan çəkdi, yaxınlaşıb tanış oldum. Əmiqızı azərbaycanlı olduğumu bilən kimi atasını çağırdı. Evlərinə getdim. Babamla çəkdirdiyiniz ailə şəkilinizi onlarda gördüm.

- Bilirəm, oğul, qardaşım danışıb. Sən özünü yorma. Dincəl. Axşam yola düşməliyik.

- Ata, bəlkə, bir az qalasan. Qardaşınla yaxından tanış olarsan.

- Sağlıq olsun! Əvvəlcə səni ailənə çatdırmalıyam. Gözləyirlər.

Valeh əmisi qızı Əsli ilə əl-ələ tutmuş vəziyyətdə otağa daxil oldu.

- Ata, Əsli də bizimlə getmək istəyir.

- Yaxşı, çox yaxşı. Baba yurdunu görməyə haqqı var.

Əsli Elşadla görüşüb zarafatyana:

- Əmioğlu, çox yaraşıqlısınız. – dedi. – Burada qalsanız qadınlar sizi oğurlayacaqlar.

Əslinin əhvalındakı qəribəlik Elşadın nəzərindən yayınmadı.

- Əmiqızı sən Valehi qoru!

Əsli qızardı. Yola hazırlaşacağını bəhanə edib getdi. Valeh gülümsəyərək razılıqla başını tərpətdi.

- Əslini yola salım...

Zeynəb illərlə öz aləminə qapılmışdı. O, sanki, yuxudan ayıldı. Aradakı söz-söhbətdən şübhələndi.

- Səlim nə baş verir?

- Oğlumuz eşqə düşüb.

- Nə! Başı xarab olub! Biz hara, bura hara!

- Sevgi sərhəd tanımır ki!

Zeynəb oğlunun qıza bağlanıb Amerikada qalacağını fikirləşdi.

- Niyyətin hara, mənzilin ora! Onsuz da Amerikada yaşamaq istəyirdi.

Valeh portmüş vəziyyətdə içəri girdi.

- Ana, niyə məni başa düşmək istəmirsiniz! Xaricdə təhsilimi davam etdirib vətənimə qayıdacağam. İşimi daha mükəmməl bilmək, uğur qazanmaq istəyirəm. Məgər mənim uğurum vətənimin uğuru deyil!

- Əvvəlcədən belə aydın danışa bilərdin.

- Buradakı həqiqətləri görməmişdim.

- Hansı həqiqətləri?

- Babamın, əmimin həqiqətlərini. Onlar həyatda hər şey qazanıb vətələrini itiriblər. Babam yurd həsrətilə ölüb, əmim nisgillə yaşayır, özünü bədbəxt sayır. Sizcə mən böyük məhəbbətlə sevdiyim, könül xoşluğu tapdığım vətənimi rahat yaşayışa dəyişərəmmi!

Səlim oğlunun sualına məsəllə cavab verdi.

- Oğul, vətənsiz insan köksüz ağaca bənzəyir! Tez məhv olur. Ağac torpaqdan qida alıb böyüdüyü kimi, insan da el-obasından, vətənindən güc alır. Arxaya çevrilib heç kimi görməsən nə uğur qazana, nə də irəli gedə bilərsən!

 Zeynəb söhbətin belə sonluqla yekunlaşdığına sevindi. Tanrıya şükürlər etdi!


Nurlan Quliyeva
                           

Категория: İnternet - şəbəkə ədəbiyyatı | Добавил: aslan
Просмотров: 729 | Загрузок: 141 | Комментарии: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:


  


  


  

 

 

Nurlan_Quliyeva's 71 album on Photobucket
Forma
Axtarış
Müəllif: Nurlan Quliyeva. Dizayn və proqramlaşdırma: N.Quliyeva