Orta
məktəb müəlliminin təcrübi mülahizələri
Üçüncü
sinif riyaziyyat dərsliyi barədə
Müasir zəmanənin
yeniyetməsi qlobal dünyada, informasiya cəmiyyətində yaşayır. Onun təfəkkürü
inkişaf etməsə, ətrafında baş verən hadisələri lazımınca anlamaq iqtidarında
olmaz. Sağlam düşüncəli fərd yetişdirmək isə ailə və məktəbin birgə fəaliyyəti
nəticəsində mümkündür. Məktəblərdə həmişə təlim və tərbiyə işləri paralel
aparılıb. Lakin bu gün dünya ilə ayaqlaşmaq üçün pedoqoji-sosial tələblər dəyişib.
Artıq həm ailədə, həm də məktəbdə yeniyetmə yaşına çatmış şagirdlərə yetgin, sərbəst
fikir yürüdəcək, qərar verəcək şəxs kimi baxmaq tələb olunur. Müstəqillik dönəmində
ölkəmizdə keçirilən mütərəqqi təhsil islahatlarının da əsas məqsədlərindən biri
də məhz budur.
Müasir tələblərə uyğun olaraq dərsləri yeni
pedaqoji texnologiyaların və İKT tətbiqi ilə tədris etmək lazımdır. Kurikulumla
keçirilən bu cür interaktiv dərslərdə şagirdlərin təfəkkürü inkişafına xüsusi
fikir verilir, köhnə biliklər əsasında yeni biliklər yaranır.
Yeni
interaktiv texnologiyalardan biri də əsas müddaları tanınmış pedoqoq-metodist Fatma
Bunyatova təfəfindən işlənmiş konstruktiv təlim metodu, fikrimizcə, milli təhsil
sistemində daha səmərəli sayıla bilər. F.Bünyatova çoxillik təcrübəsinə əsaslanaraq,
konstruktiv təlimdə məntiqi bilik strukturlarını yarada bilmişdir. Yeni
interaktiv texnologiyalar nəinki müəllim və şagirdlərə, hətta dərsliklərə, eləcə
də dərs vəsaitlərinə, metodiki ədəbiyyata da müasir tələblər baxımından
yanaşmağı tələb edir.
Məktəblərimizdə
zamanın tələbinə uyğun olaraq interaktiv dərslər keçirilir. Lakin yeni pedaqoji
texnologiyalara əsaslanaraq tərtib edilmiş dərsliklərimiz əsasən ibtidai sinfi əhatə
edir. Son illər müxtəlif sinif şagirdləri üçün nəşr olunmuş dərsliklər ilə
tanış oldum və riyaziyyat kitabındakı bəzi məqamlar diqqətimi çəkdi. Üçüncü
sinif üçün dərslik kitabı keyfiyyətli və
nəfis tərtibatla işlənmişdir. Riyaziyyatda dərslərarası bağlılıq var.
Kitabdakı mövzularda pilləlik prinsipi gözlənmış, yeni pedaqoji texnologiyaların
tələbinə uyğun olaraq mövzulararası, fənlərarası əlaqə genişləndirilmişdir. Dərslik,
yaxşı mənada, elmi baxımdan dar çərçivədən çıxır. Bu isə şagirdlərinin
dünyagörüşünün formalaşması baxımından əhəmiyyətlidir. Digər təfəfdən
tapşırıqların mətnlərində millilik var. Kitabda həndəsə, fizika tipli məsələlərlə yanaşı vətənimizin coğrafiyasını
öyrədən, işğal olunmuş ərazilərini xatırladan tapşırıqlar da yer alır. Dərsliyin
birinci bölməsində II sinifdə keçirilənlərin təkrarı verilib: 100 dairəsində
hesab əməlləri, müxtəlif tip məsələlərin həlli, müstəvi və fəza-həndəsi
fiqurları yada salınır. Sonrakı bölmələrində 1000 dairəsində ədədlər üzərində əməllər,
sürətli hesablama üsulları, uzunluq, kütlə, zaman, tutum-həcm anlayışları aydın
izah olunub. Vurma və bölməyə həm riyazi, həm də məntiqi cəhətdən baxılıb.
Qalıqlı bölmə və yuvarlaqlaşdırma sinfə uyğundur. Tənlik qurma ilə məsələ həlli
mövzusunda ağır məsələlər var.
Dərsliyin bir
bölməsində bütün həndəsə kursu konspetləşdirilib. Söz ehtiyat hissəsinə baxaq: nöqtə
, düz xətt, parça, şüa, bucaq (növləri), paralel düz xətlər, kəsişən düz xətlər,
perpendikulyar düz xətlər, üçbucaq, bərabərtərəfli üçbucaq, bərabəryanlı
üçbucaq, müxtəliftərəfli üçbucaq, çoxbucaqlı, dördbucaqlı, trapesiya,
paraleloqram, düzbucaqlı, kvadrat, romb, kub, düzbucaqlı prizma, piramida,
konus, silindr, kürə, fəza fiqurlarının elementləri (təpə, til, üz) və açılışı,
perimetr, sahə, simmetriya... Bunlar, sadəcə sözlər deyil, hər birinin arxasıda
biliklər sistemi durur. Anlayışlar və fiqurlar haqqında məlumatlar sadə şəkildə
verildiyindən müstəvi fiqurlarını müəyyən mənada başa düşmək olar. Lakin
stereometriyanın üçüncü sinif şagirdi tərəfindən qavranılması bir müəllim kimi bizdə
şübhə yaradır. Əsasən 10-11 siniflərdə tədris olunan kub, düzbucaqlı prizma, piramida, konus,
silindr, kürə, fəza fiqurlarının elementləri (təpə, til, üz) və onların açılışı
yuxarı sinif şagirdləri tərəfindən də çətinliklə anlaşılır. Şagirdlər xəyalən
fiqurları təsvir edə bilmədiklərinə görə məsələ həllərində yanlış nəticələr
alırlar.
Fikrimizcə, əgər
fəza fiqurlarını keçmək vacibdirsə, kub, piramida və kürə haqqında məlumat vermək
kifayətdir. Müəllim dərsi texnologiyanın tətbiqi ilə keçdiyindən kvadratdan
kubun, çoxbucaqlıdan piramidanın, dairədən kürənin alındığını əyanı göstərə bilər. Şagirddə cismin elementləri haqqında təsəvvür
yaranar. Mövzu anlaşılarsa, kubu prizma və onun növləri, piramidanı tetraedr,
kürəni sfera ilə əlaqələndirib dərsi genişləndirmək mümkündür...
V-XI
siniflər informatika dərslikləri
haqqında
Müasir insan
informasiya cəmiyyətində yaşayır və o informasiya mədəniyyətinə yiyələnməlidir.
Yeni nəsildə informasiya mədəniyyətini isə insanların intellektual inkişafını təmin
edən yeni təhsil sistemi, İKT- dan istifadə bacarığı, kompyuter və İnternet texnologiyalarından
bəhrələnərək məlumat vasitələrini asan və tez əldə etmək imkanı formalaşdırır.
Bunları nəzərə alaraq, orta məktəbdə çalışan bir müəllim kimi təhsil sistemində
xüsusi yeri olan və gələcək intellektuallarımızı formalaşdıracaq informatika dərsliklərini
araşdırıb fikirlərimizi bölüşmək istəyirik.
Orta məktəb
informatika dərslikləri aşağıdakı sahələr üzrə işlənmişdir: 1) İnformatika və
onun tarixi; 2) Proqramlaşdırma; 3) Sistem və tətbiqi proqramlar; 4) İnternet və
kompyuter texnologiyaları.
Dərsliklərdə
informasiyann qəbulu, emalı, saxlanması və ötürülməsinin üsul və vasitələri tədris
olunur: informatikanın əsas məqsədi də budur. Yerli məktəblər üçün nəzərdə tutulan
kitablarda milliliyə xüsusi önəm verilib. Mövzuların izahında qədim tariximizə,
milli mədəniyyətimizə istinadlar edilib. Fənlərarasi əlaqələr çox uğurlu
alınıb. İKT həyatın, elmin bütün sahələrini əhatə etdiyindən, bu çox vacib amil
sayılmalıdır və X-XI sinif dərsliklərində xüsusilə aydın görünür. Kompyuterlər
hesablama qurğusu kimi yaranandığından informatika riyaziyyat, dünyaşöhrətli
yerlimiz Lütfi Zadənin qeyri-səlis məntiqinə görə isə məntiq elmi ilə də
bağlıdır.
V siniflər
üçün nəzərdə tutulmuş dərslikdə kompyuterin geniş imkanları və obyekt haqqında
yetərincə məlumat verilib. "Windows” əməliyyat sistemi haqqında qısa məlumatdan
sonra əsas menyuya (başla) nəzər salınmış, "Paint” və "Word Pad” proqramları ətraflı
izah olunur. Bu amil isə gələcəkdə şagirdlərin informatika bilgilərinin inkişaf
etdirilməsi üçün çox vacibdir. Təkrar və biliklərin möhkəmlənməsi üçün verilən
testlər dərsliyi tam əhatə edir. İnformatika I sinifdən tədris edildiyindən iş
masası və əsas piktoproqramlar - simgələr haqqında şagirdlərin məlumatı olur.
Lakin V sinifdə bütün elmlərin bünövrəsi möhkəmləndiyindən belə məsələlər dərindən,
ətraflı izah edilməlidir. "Windows” əməliyyat
sistemi ilə paralel əvvəlki ("MS-DOS”) və yeni yaradılan ("Windows Vista”) əməliyyat
sistemlərindən də geniş məlumat vermək lazımdır. Fikrimizcə, proqramlaşdırmanın
izahında "MS-DOS” proqramının böyük köməyi var.
VI sinif dərsliyinin
I bölməsındə keçilmişlərə ötəri baxılır. İnformatikaya aid vacıb və gərəkli məlumatlar
təkrarlanır. Belə bölmə dərsliklərin hamısında olmalıdır. Sonrakı bölmələrdə "Microsoft
Word” – mətn prosessoru və "Microsoft Power Point” proqramları ətraflı tədris
olunur. Tədris prosesinə dair mətnlər Azərbaycan Respublikası Prezidentinini sərəncamlarına,
tarixə, dövlət atributlarına və b. aiddir. Proqramların yüngül şəkildə aşağı
siniflərdən tədris olunması məqsədəuyğundur. Çünki yeni təlim texnologiyalarına
əsasən tədris olunan dərslərdə təqdimatlar "Microsoft Power Point” proqramında
hazırlanır. "Microsoft Word” isə paketin ilk tədris olunan mətn redaktorudur. Dərsliyin
artırmasında "Window”sun simğələri haqqında vacib qisa izahatlar var.
VII sinifdə
inrormatika elminin əsasında duran informasiya və informasiya prosesləri tədris
olunur. Kompyuterin aparat təminatı - mikropressor və qurğuları, proqram təminatı
- əsasən sistem proqramlarından olan "Windows” sistem mühiti ətraflı izah
edilmişdir. Tətbiqi proqramlardan "Paint” qrafik redaktoru verilmişdir. Düşünürük
ki, bu mövzu ayrıca bölmə kimi deyil iş masasın piktoproqramlarının izahı
zamanı uyğun yerlərdə verilməlidir: proqram haqqında məlumatları xatırlatmaq və
genişləndirmək şərtilə. Alqoritmin izahı gələcək proqramlaşdırmaya hazırlıq
üçün vacibdir. Hər mövzunun sonunda yoxlama sualları və tapşırıqlar var. Lakin
onlar testləri əvəz etmir. Yekunlaşdırıcı testlər mütləq olmalıdır.
VIII sinfin
informasiya və proqramlaşdırmaya aid bölmələri VII sinfin uyğun bölmələrinin
davamı və daha ətraflı izahıdır. Alqoritmik dil proqramlaşdırma dillərindən
biri ilə paralel izah olunarsa, daha effektli alınar. Kömpyuterin riyazi əsasları
say sistemlərini, ölçü vahidlərini – ikilik ölçü sistemi üzərində, məntiqi əsasları
klassik məntiqə əsaslanan, Doğru (1), Yalan (0) ikili hesabın simvolları ilə
ifadə edilməsini göstərir və Lütfi Zadənin qeyri-səlis məntiqi ilə yekunlaşır.
Nəhayət kitabın sonunda kommunikasiya texnologiyaları, İnternet, "Outlook
Express” proqramı haqqında geniş məlumat verilir. Bu cəhətlər təqdirəlayiq hal
kimi dəyərləndirilməlidir. Praktik işlər də bu baxımdan əhəmiyyətlidir.
İnternetin əsaslarının VIII sinifdə tədrisi gecikmiş hal sayıla bilər,
fikrimizcə bu bilikləri daha tez öyrətmək lazımdır. Müasir dərslərdə şagirdlər
təqdimat hazırlayarkən, təcrübi olaraq 7-8 dəqiqə İnternetdən istifadə etməli,
məlumat axtarmalıdırlar.
IX sinifdə
proqramlaşdırmaya geniş yer verilib. "Turbo Pascal” redaktoru ilə "Pascal”
proqramlaşdırma dilinin operatorları izah edilib, proqram hazırlığı tam
aydınlaşdırılıb. Dərslikdə bacarıqlı proqramçı işi var. Kitabın sonrakı bölmələri
"Microsoft Office” proqramlar paketinin "Microsoft Word”, "Microsoft Excel”
proqramları və informasiya cəmiyyəti haqqındadır. Hər üç bölümdə məlumatlar
qisa və yığcamdır. Aşağı siniflərdə "Microsoft Word” və informasiya cəmiyyəti mövzuları
tədris olunduğundan, onlar haqqında verilən məlumatlar kifayət qədər sayıla bilər.
"Microsoft Excel” isə paketin ən böyük, çoxfunksiyalı proqramıdır. Bu mənada dərslikdə
tədris materialının azlığı hiss olunur, praktk testlər isə ümumiyyətlə yoxdur.
X sinif dərsliyinin
I bölümündə İnternet xidmətləri geniş yer alıb. Bölmədə elektron təhsil və
elektron poçtdan şəbəkəyə qədər mövzulara qısa nəzəri məlumat verilir. İnternetin
potensial istifadəçisi və gələcəyin tələbəsi üçün bu məlumatlar yetərincə deyil. "Microsoft Office”
proqramlarından "Misrosoft Access” və "Misrosoft Publisher” hissələri ətraflı
izah edilib. "Misrosoft Access”də məlumatlar bazası yaradarkən, coğrafiyaya
istinad edilib. Fənlərarası əlaqə, biliklərin möhkəmlədilməsi üçün maraqlı və
faydalı forma sayıla bilər. Lakin dərsin
tədrisində zəif oxuyan şagirdlər coğrafiya biliklərini ortaya qoyub proqramın
öhdəsindən gələ bilmirlər. Fikrimizcə, belə halda sadə tapşırıq vermək lazımdır.
Məsələn, sinifin anket və imtahan cədvəlini hazırlamaq kimi sadə tapşırıqlar. Qoy
şagirdlər bunu məlumatlar bazasaı əsasında işləsinlər. Veb proqramlaşdırmada əsasən
HTML faylları və onların yaradılmasında istifadə olunun proqrama baxılır. Sadəlik
üçün hazır veb-saytlar təklif edən şəbəkə resurslarına da baxmaq olar. Kitabda
məlumatların qorunmasını təmin edəcək maraqlı mətnlər var.
XI sinif dərsliyi
müasir tələblərə cavab verir. Şagirdlərdə informasiya mədəniyyətini
formalaşdırmaq istəyən müəlliflər təhsildə texnologiyaların əhəmiyyətini xüsusi
vurğulayır, TİMS – təhsilin idarə olunma sistemini izah edir, elmi və texniki
innovasiyalardan geniş söhbət açırlar. Şəbəkə texnologiyaları şəbəkə əməliyyat
sistemi, modelləşmə kompyuter modelinin qurulması ilə yekunlaşır. Geniş tətbiq
sahəsinə malik olan kompyuter qrafikasının növləri - rastr, vektor, fraktal
qrafikalar nəzəri aydınlaşdırılır. Qrafikaya aid görüntüləri almaq üçün istifadə
olunan "Paint”, "Adoble PhotoShop”, "OpenOffice.org” və s. proqramlarına
baxılır. Fikrimizcə, dərslik tələbolunan səviyyədədir və onun özünəməxsusluğu fəsillərin
sonundakı tarixi məlumatlarda, testlərdə, layihələrdə, tənqidi baxışlardadır.
Əlbəttə, ən
yüksək səviyyəli dərslik belə orta məktəbdə
dərsi keçən müəllimin təcrübəsinə, biliyinə, metod və dərsi aparma bacarığı ilə birləşdirilmirsə, tədris və təlimdə
yüksək nəticələr əldə edilə bilməz. Bu mülahizələrimizi də məhz milli təhsilimizdə
yüksək nəticələr əldə etmək məqsədi ilə qələmə aldıq...
Nurlan
Quliyeva,
Göygöl
rayonu Üçtəpə kənd orta məktəbinin müəllimi
|